BAKI, 8 oktyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp müxtəlif ştatlarda tərəfdarları qarşısında etdiyi çıxışları pozan etirazçıların pul müqabilində aksiya keçirdiyini iddia edib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Texas ştatında keçirilən tədbirdə çıxışı zamanı danışıb.
Prezidentin çıxışı etirazçılardan biri tərəfindən yarımçıq kəsilib. Təhlükəsizlik əməkdaşları həmin şəxsi zaldan uzaqlaşdırıblar.
“İnanın mənə, onlara bunun üçün pul ödəyirlər”, – Tramp bildirib.
ABŞ lideri etirazçının ünvanına istehzalı ifadələr də işlədib:
“İndi qaçıb anasının yanına gedəcək. Heç bilmir ki, anası Trampa səs verib”.
Bundan sonra təxminən 15 dəqiqə ərzində prezidentin çıxışı daha beş dəfə etirazçılar tərəfindən yarımçıq kəsilib.
“Burada başqa etirazçı varsa, zəhmət olmasa, əlini qaldırsın və buradan rədd olsun”, – Tramp deyib.
O, etirazçıların tədbirlərə Demokratlar Partiyası tərəfindən göndərildiyini iddia edib.
Tramp demokratların idarəçiliyini də sərt tənqid edərək onların hakimiyyətə gəldiyi yerlərdə qanunsuzluğun və korrupsiyanın artdığını söyləyib.
“Demokratlar hakimiyyətə gələndə hər yer çirklənir. Küçələr, səkilər, hətta mağazaların qapı tutacaqları belə çirkli olur. Amma biz bütün bu qanunsuzluğa və korrupsiyaya son qoyacağıq”, – prezident vurğulayıb.
ABŞ lideri həmçinin demokratların Texasda hakimiyyətə gələcəyi təqdirdə ştatın ciddi problemlərlə üzləşəcəyini iddia edib.
Trampın etirazçılara pul ödənilməsi ilə bağlı ittihamlarını təsdiqləyən sübut təqdim olunmayıb.