BAKI, 12 oktyabr. TELEQRAF

Çin Tayvanla bağlı mövqelərinə görə Beliz və Paraqvayın yüksəkvəzifəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Belizin xarici işlər, xarici ticarət, mədəniyyət və immiqrasiya naziri Frensis Fonsekaya Çinə, o cümlədən Honkonq və Makao xüsusi inzibati rayonlarına giriş qadağan edilib.

Sanksiyalar çərçivəsində nazirin Çin ərazisindəki daşınar və daşınmaz əmlakı, eləcə də digər aktivləri dondurulacaq. Çin şirkətlərinin onunla əməkdaşlıq etməsi və kommersiya əməliyyatları aparması da qadağan olunub.

Çin XİN-in bəyanatında qeyd edilib ki, Belizin bəzi siyasətçiləri son illərdə Tayvanla diplomatik münasibətləri dəstəkləyərək Pekinin əsas maraqlarına zidd addımlar atıblar.

Pekin sanksiyaların dövlət suverenliyinin, təhlükəsizliyin və inkişaf maraqlarının qorunması, həmçinin Tayvanın müstəqilliyini dəstəkləyən fəaliyyətlərin qarşısının alınması məqsədilə tətbiq edildiyini bildirib.

Bundan əlavə, Paraqvayın informasiya və kommunikasiya texnologiyaları naziri Qustavo Vilyate də Çin tərəfindən sanksiyalara məruz qalıb.

Ona Çin ərazisinə, o cümlədən Honkonq və Makaoya giriş qadağan edilib, ölkədəki aktivlərinin dondurulması və Çin şirkətləri ilə əməkdaşlığının məhdudlaşdırılması barədə qərar qəbul olunub.

Çin Xarici İşlər Nazirliyi Paraqvayın bəzi siyasi nümayəndələrinin Tayvanla diplomatik əlaqələri dəstəkləməsini ölkənin milli maraqlarına zidd addım kimi qiymətləndirib.

Hər iki nazirə qarşı sanksiyalar oktyabrın 12-dən qüvvəyə minib.

Qeyd edək ki, Tayvan 1949-cu ildən öz administrasiyası tərəfindən idarə olunur. Pekin adanı Çin ərazisinin ayrılmaz hissəsi hesab edir. Hazırda Beliz və Paraqvay da daxil olmaqla, 12 dövlət Tayvanla rəsmi diplomatik münasibətlər saxlayır.