BAKI, 12 oktyabr. TELEQRAF
Şimali Koreyanın bir neçə ballistik raket buraxmasından sonra Cənubi Koreya Prezident Administrasiyasının Milli Təhlükəsizlik İdarəsi təcili iclas keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya Prezidentinin Administrasiyası məlumat yayıb.
Seulun məlumatına görə, oktyabrın 12-də Şimali Koreya paytaxtı Pxenyan ərazisindən Yapon dənizi istiqamətində bir neçə ballistik raket buraxılıb.
Bununla əlaqədar keçirilən təcili iclasda Cənubi Koreyanın Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Qərargah Rəisləri Komitəsinin nümayəndələri iştirak ediblər.
“İclas zamanı raket buraxılışlarının Cənubi Koreyanın təhlükəsizliyinə təsiri qiymətləndirilib və zəruri tədbirlərin görülməsi barədə göstəriş verilib”, – Prezident Administrasiyasının açıqlamasında bildirilib.
Rəsmi Seul Şimali Koreyanın bu addımını pisləyərək raket buraxılışlarının BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduğunu bəyan edib.
“Şimali Koreyanın ballistik raket buraxılışları Koreya yarımadasında vəziyyətin yaxşılaşmasına xidmət etmir. Bu cür fəaliyyətlərin dərhal dayandırılmasına çağırırıq”, – açıqlamada vurğulanıb.
Qeyd edək ki, Şimali Koreya bundan əvvəl oktyabrın 3-də Vonsan şəhəri yaxınlığından Yapon dənizi istiqamətində ballistik raket buraxmışdı.