BAKI, 8 oktyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Floridanın Palm-Biç şəhərində yerləşən “Trump International Golf Club” kompleksini dövlət başçılarının rəsmi şəhərkənarı iqamətgahına çevirmək niyyətində olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.

ABŞ liderinin sözlərinə görə, yeni iqamətgah Vaşinqton yaxınlığındakı Kemp-Devid prezident iqamətgahına alternativ kimi fəaliyyət göstərəcək.

“Bu, dünyanın ən yaxşı qolf meydançalarından biridir. Kompleks 20 ildən çoxdur fəaliyyət göstərir və bütün infrastruktur artıq hazırdır. Ən böyük üstünlüyü isə təhlükəsizliyidir”, – Tramp bildirib.

Prezident qeyd edib ki, kompleksin yeni iqamətgah kimi istifadəsini ona ABŞ Silahlı Qüvvələri və Məxfi Xidmət təklif edib.

“Ətrafda hündürmərtəbəli binalar və yaşayış evləri yoxdur. Təsəvvür edə biləcəyiniz ən təhlükəsiz yerlərdən biridir. Hava limanından cəmi iki dəqiqəlik məsafədə yerləşir”, – o vurğulayıb.

Trampın sözlərinə görə, kompleks gələcək prezidentlərin də istifadəsinə veriləcək.

“Bu, mənim üçün deyil, bütün gələcək prezidentlər üçün nəzərdə tutulur. Onlar burada Kemp-Deviddə olduğu kimi həftəsonlarını keçirə biləcəklər. Maksimum təhlükəsizliyin təmin olunması mümkündür. Bu, əla ideyadır”, – ABŞ lideri əlavə edib.