BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ administrasiyası 2026-cı ildə şirkətlərə təxminən 180 milyard dollar məbləğində gömrük rüsumunu geri qaytarmaq məcburiyyətində qalıb.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent Pensilvaniyada keçirilən tədbirdə açıqlayıb.
“2025-ci ildə büdcə kəsirinin ÜDM-ə nisbətini azaltdıq. Lakin bu il gömrük rüsumlarından əldə olunan 180 milyard dollar gəliri geri qaytarmalı oldum”, – Bessent bildirib.
Nazir belə vəziyyətin bir daha təkrarlanmayacağını deyib. Onun sözlərinə görə, ABŞ administrasiyası büdcə kəsirini və dövlət borcunu azaltmağa davam edəcəyini gözləyir.
Qeyd edək ki, ABŞ Ali Məhkəməsi fevralın 20-də Prezident Donald Trampın beynəlxalq fövqəladə iqtisadi səlahiyyətlər haqqında qanuna əsaslanaraq digər ölkələrə tətbiq etdiyi idxal rüsumlarının onun səlahiyyətlərini aşdığına qərar verib.
Apreldə ABŞ Gömrük və Sərhəd Mühafizəsi məhkəmənin qanunsuz hesab etdiyi rüsumların geri qaytarılması prosesinə başladığını açıqlayıb.