BAKI, 7 oktyabr. TELEQRAF

ABŞ-dən olan bir qrup tədqiqatçı 80 ildən çox əvvəl dünya səyahəti zamanı müəmmalı şəkildə yoxa çıxan məşhur pilot Ameliya Erhartın təyyarəsinin qalıqlarını tapmaq üçün elmi ekspedisiyaya başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə CBS News məlumat yayıb.

Ekspedisiyada Perdyu Universiteti və Arxeoloji İrs İnstitutunun mütəxəssisləri iştirak edirlər. Tədqiqatçılar Kiribati Respublikasına aid Nikumaroro adasının laqununda 2020-ci ildə aşkarlanmış “vizual anomaliya”nı araşdırmağı planlaşdırırlar.

Nikumaroro Sakit okeanda, Erhartın uçmağı planlaşdırdığı ABŞ-a məxsus Haulend adasından təxminən 640 kilometr cənub-şərqdə yerləşir.

Alimlər təyyarəyə aid olduğu ehtimal edilən qalıqların foto və videogörüntülərini çəkməyi, daha sonra isə obyekti sudan çıxararaq dəqiq identifikasiya etməyi planlaşdırırlar.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmi versiyasına görə, Ameliya Erhart və onun naviqatoru Fred Nunan 1937-ci ildə Haulend adası yaxınlığında baş verən təyyarə qəzasında həlak olublar.

Erhartın yoxa çıxmasından ötən onilliklər ərzində onun taleyi ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Bunların arasında başqa ad altında yaşaması, ABŞ kəşfiyyatı və Yaponiya təbliğatı üçün çalışması, eləcə də təyyarəsinin Papua-Yeni Qvineyada qəzaya uğraması kimi versiyalar da var.