BAKI, 9 oktyabr. TELEQRAF
İranın sahilboyu ərazilərində, 50-80 kilometr dərinliyədək uzanan zonada hərbi obyektlərə zərbələrin endirilməsi ilə bağlı təkliflər ABŞ Prezidenti Donald Trampa təqdim olunub.
Teleqraf xəbər verir ki, bu barədə “Al-Hadath” ABŞ hərbi mənbələrinə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ ordusu əsasən İran gəmilərinə və limanlarına qarşı tam blokadanın tətbiqinə fokuslanıb. Həmçinin o, 50 min ABŞ hərbçisinin daim döyüşə hazır vəziyyətdə olduğunu bildirib.
Mənbə əlavə edib ki, ABŞ qüvvələrinə ötən bazar günü döyüş vəziyyətinə keçmək barədə əmr verilib.
Qeyd edilib ki, yay mövsümü Amerika qüvvələrinin silah-sursat ehtiyatlarını yeniləməsi üçün əlverişli fürsət yaradıb: “Bu müddətdə minlərlə raket ehtiyatı yenilənib və hərbi qüvvələrə lazımi sursat göndərilib”.