BAKI, 24 noyabr. TELEQRAF
“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 11-ci maddəsinin yeni redaksiyada təkmilləşdirilməsi təklif edilir.
Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, maddənin birinci hissəsində “müəyyən ekspertiza” sözləri “müvafiq məhkəmə eksperti” sözləri ilə əvəz olunacaq.
Bundan başqa, qanuna yeni müddəa əlavə ediləcək. Həmin müddəaya görə, məhkəmə eksperti ixtisaslarının və bu ixtisaslar üzrə tələb olunan ali təhsil ixtisaslarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq ediləcək.
Eyni zamanda, qanunun 11-ci maddəsinin on üçüncü hissəsində də terminoloji dəyişiklik aparılması nəzərdə tutulur. Belə ki, “ekspertizası” sözü “eksperti” sözü ilə əvəz ediləcək.
Dəyişikliklərin əsas istiqaməti məhkəmə ekspertlərinin ixtisaslarının və müvafiq ali təhsil tələblərinin qanunvericilikdə daha dəqiq müəyyən edilməsidir.
Qanun layihəsi Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılaraq birinci oxunuşda qəbul edilib