BAKI, 24 noyabr. TELEQRAF

ABŞ-nin “Firebird” şirkəti Ermənistanın Hrazdan şəhərində 8 milyard dollarlıq sərmayə ilə ikinci süni intellekt (Sİ) məlumat mərkəzləri kompleksini inşa edəcək. Kompleks səkkiz böyük məlumat mərkəzindən ibarət və həcminə görə birinci kompleksdən təxminən 15 dəfə böyük olacaq.

Teleqraf xəbər verir ki, bu barədə şirkətin həmtəsisçisi Aleksandr Yesayan açıqlama verib.

Tikinti işlərinə artıq başlanılıb, kompleksin fəaliyyətə başlaması isə 2027-ci ilin sonuna planlaşdırılır. Yeni kompleksin 45 min qrafik prosessoru (GPU) və əlavə 25 min hesablama elementi ilə təchiz edilməsi nəzərdə tutulur. Tikinti işlərinin mart ayında başa çatdırılması planlaşdırılır. Qeyd edilib ki, genişlənmə xidmətlərə artan tələbatla əlaqədardır.

Şirkətin həmtəsisçisi Razmik Hovkimyanın sözlərinə görə, birinci kompleksdə təxminən 6200 GPU olsa da, tələbat artıq 25 min GPU-ya bərabər hesablama gücünə çatıb. “Firebird”in infrastrukturundan istifadə edənlər arasında “Chess.com”, “ActiveLoop”, “Krisp”, “Perplexity”, “Firefly”, “CyberFusion” və dövlət sektorunun qurumları var. Bildirilib ki, əvvəlcə hesablama gücünün təxminən 20 faizinin yerli bazara yönəldilməsi nəzərdə tutulsa da, Ermənistanda süni intellekt məhsullarının inkişafı ilə paralel olaraq bu pay arta bilər.

Aleksandr Yesayanın qiymətləndirməsinə görə, kompleks 2028-ci ildən etibarən tam gücü ilə fəaliyyət göstərərsə, onun Ermənistan iqtisadiyyatına təsiri ÜDM-in 8-10 faizinə çata bilər. O vurğulayıb ki, mənfəət vergisi və digər vergi ödənişləri Ermənistanda həyata keçiriləcək.

“Firebird” Qazaxıstanda da təxminən 6 milyard dollar dəyərində layihə həyata keçirir, Argentinada yeni layihəyə başladığını elan edib.