BAKI, 25 noyabr. TELEQRAF

Litva 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi dövründə Azərbaycanla qurum arasında əlaqələrin inkişafına, o cümlədən viza prosedurlarının sadələşdirilməsinə dəstək göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.

Nazir deyib ki, viza məsələsi ilə bağlı müzakirələrə başlanılıb, hər iki tərəfdə müvafiq hüquqi proseslər də həyata keçirilir.

O, bu istiqamətdə daha əlverişli şəraitin yaradılmasının insanlar arasında əlaqələri, qarşılıqlı anlaşmanı və ölkələrarası əməkdaşlıq imkanlarını genişləndirəcəyinə inandığını ifadə edib.

K. Budris Azərbaycanla Avropa İttifaqı arasında qarşılıqlı maraq doğuran digər əməkdaşlıq istiqamətlərinin də mövcud olduğunu diqqətə çatdırıb.