BAKI, 25 noyabr. TELEQRAF

Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın Mərkəzi Asiyadan Avropaya yükdaşımaların həyata keçirilməsində mühüm rol oynayacağını bildirib.

Teleqraf xəbər verir ki, bunu nazir azərbaycanlı həmkarı Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərin inkişafı hər iki tərəf üçün əhəmiyyətlidir.

O, bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşün maraqlı və faydalı olduğunu bildirib.

Kestutis Budris 25 il əvvəl Xəzər hövzəsi və Avrasiya regionuna akademik maraq göstərdiyini xatırladıb:

“Regionun enerji resursları və yeni nəqliyyat marşrutları baxımından potensialı diqqətini cəlb edib. Azərbaycan Mərkəzi Asiyadan Avropaya və Avropa İttifaqına malların daşınmasında əsas bağlantı ölkələrindən birinə çevriləcək. Bu, həmçinin Avropanın enerji və təchizat mənbələrini şaxələndirməsinə, Rusiyadan asılılığın azaldılmasına töhfə verə bilər”.

K. Budris vurğulayıb ki, bu prosesin əhəmiyyəti yalnız tranzit imkanları ilə məhdudlaşmır:

“Belə layihələr region ölkələrinin inkişafına, yeni iqtisadi və siyasi imkanların yaranmasına da müsbət təsir göstərə bilər”.

O, müxtəlif regional aktorların cəlb olunduğu yeni təşəbbüslərin həyata keçirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.