BAKI, 1 sentyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İrana qarşı məhdud hərbi zərbələrin endirilməsi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Axios” üç amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, mümkün zərbələrin məqsədi İranın Hörmüz boğazında gəmilərə hücum etmək üçün radar və raket imkanlarını yenidən bərpa etməsinin qarşısını almaqdır.

Plan ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən hazırlanıb və Pentaqon rəhbəri Pit Heqset tərəfindən dəstəklənib. Tramp hələlik plana yekun razılıq verməyib.

Bildirilir ki, Ağ Ev daha əvvəl İranla gərginliyin artmasının qarşısını almaq üçün yeni zərbələrdən çəkinməyə üstünlük verirdi. Lakin İranın İordaniyadakı ABŞ bazalarına son raket hücumlarının Trampın qərarına təsir göstərə biləcəyi qeyd olunur.

Bundan əvvəl Tramp İranın ABŞ obyektlərinə hücumuna sərt cavab veriləcəyini bildirmişdi.