BAKI, 1 sentyabr. TELEQRAF
İsraildə keçmiş yüksəkvəzifəli rəsmilər və hərbçilər də daxil olmaqla 200-dən çox tanınmış şəxs Baş nazir Benyamin Netanyahu hökumətini İordan çayının qərb sahilində fələstinlilərə qarşı zorakılığa son qoymağa çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, iyun ayında imzalanan müraciətə iki keçmiş baş nazir, 30-dan çox istefada olan ordu və Hərbi Hava Qüvvələri generalı, xarici və daxili kəşfiyyat xidmətlərinin sabiq rəhbərləri, ravvinlər, Nobel mükafatı laureatı və tanınmış israilli yazıçı qoşulub.
Müraciət müəllifləri İordan çayının qərb sahilində yəhudi məskunlaşanların törətdiyini bildirdikləri “etnik təmizləmələrə” son qoyulmasını tələb ediblər.
Onlar həmçinin Netanyahu hökumətini hərəkətsizlikdə və İsrail Müdafiə Qüvvələri, “Şin Bet” təhlükəsizlik xidməti və polisin də cəlb olunduğu məqsədyönlü siyasət həyata keçirməkdə ittiham ediblər.
NYT qeyd edir ki, bu qədər böyük qrup keçmiş yüksəkvəzifəli şəxsin hökumətə qarşı belə ittihamlarla çıxış etməsi İsrail üçün olduqca qeyri-adi haldır.