BAKI, 1 sentyabr. TELEQRAF

“Mənim 74 yaşım var və çox istəyirəm ki, son günlərimi orada keçirim”.

Bunu Teleqraf-a açıqlamasında Böyük Qayıdış proqramı çərçivəsində 34 ildən sonra Ağdama qayıdan Birinci Qarabağ müharibəsinin veteranı Vidadi Həsənov deyib.

Həyat yoldaşı və böyük qızı ilə birgə doğma yurda qayıdan veteran ona bu sevinci bəxş edən Ali Baş Komandana və torpaqları azad edən qəhrəman əsgərlərə minnətdarlığını bildirib.

"44 günlük Vətən müharibəsində torpaqlarımızı azad edən o igid uşaqların, qəhrəmanlarımızın qarşısında baş əyirəm."

Ali təhsilli veteran Ağdamda gənclərin maariflənməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına töhfə vermək niyyətindədir.

"İstəyirəm ki, orada gənclərə nəsihət verək, yol göstərək. Qoy cavanlarımız bu torpaqların necə çətinliklə qazanıldığını bilsinlər və onu qorusunlar. Gənclərimiz qəhrəman şəhidlərimizlə fəxr etməli, onların şücaətini hər zaman uca tutmalıdırlar".