BAKI, 1 iyul. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayacağı təqdirdə, dövlət katibi Marko Rubio 2028-ci il seçkilərində Respublikaçılar Partiyasından prezidentliyə namizədliyini irəli sürməyəcək.
Teleqraf xəbər verir ki, bu barədə “Associated Press” (AP) ABŞ dövlət katibinə yaxın mənbələrə istinadla məlumat yayıb.
Marko Rubio müşavirləri və köməkçiləri ilə söhbətlərində dəfələrlə Ceyms Devid Vensə yol verməyə hazır olduğunu bildirib.
AP həmçinin qeyd edib ki, dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifələrini birləşdirən Rubio son aylarda Ağ Evin Milli Təhlükəsizlik Şurasında əsas vəzifələrə komanda yoldaşlarını təyin edərək mövqeyini xeyli gücləndirib.
ABŞ Prezidenti Donald Tramp bundan əvvəl “Fortune”yə verdiyi müsahibədə mümkün varisi ilə bağlı sualı cavablandırmaqdan yayınmışdı. Amerika mediası dəfələrlə Rubio və Vensin iki ildən sonra ABŞ prezidentliyi uğrunda mübarizə aparacaq əsas respublikaçı namizədlər olduğunu yazıb.