BAKI, 30 iyun. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə etməyə çalışdığı vaxtda administrasiyasının iki yüksək vəzifəli rəsmisi - vitse-prezident Ceyms Devid Vens və dövlət katibi Marko Rubio Tehranla danışıqlar prosesinə fərqli yanaşmalar sərgiləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” yazıb.
Vens daha ehtiyatlı mövqe sərgiləyir - Tehranla razılaşmanın gərginliyi azaltmaq, Hörmüz boğazında keçidi normallaşdırmaq və ABŞ iqtisadiyyatının sabitliyinə töhfə vermək üçün vasitə ola biləcəyini düşünür. Rubio isə daha sərt mövqe tutur, İrana qarşı təzyiqin davam etdirilməsinin vacibliyini vurğulasa da, danışıqlar prosesini də dəstəkləyir.
Rəsmi mənbə “Axios”a bildirib ki, Vens və Rubio ABŞ Prezidentinin xarici siyasətinin iki fərqli istiqamətini təmsil edirlər: “Onlar İsveçrə bıçağının müxtəlif tiyələri kimidir, hansının nə vaxt istifadə olunacağına Tramp qərar verir”.
Həmçinin qeyd edilib ki, danışıqların uğurlu olması və bunun qlobal neft bazarlarının sabitliyinə təsiri Trampın İran, İsrail və Livan arasında maraqlar balansını qura bilməsindən, eləcə də bu iki fərqli yanaşmadan necə istifadə etməsindən asılı olacaq.