BAKI, 28 may. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampı seksual zorakılıqda ittiham edən yazıçı və jurnalist Elizabet Cin Kerrolla qarşı araşdırmaya başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, araşdırmanın mərkəzində Kerrollun Trampa qarşı qaldırdığı iki məhkəmə iddiası zamanı yalan ifadə verib-verməməsi məsələsi dayanır.
Donald Tramp hər iki məhkəmə prosesində məğlub olmuşdu. 2023-cü ilin mayında məhkəmə Trampın Kerrolla 5 milyon dollar təzminat ödəməsinə qərar vermişdi. 2024-cü ilin yanvarında isə andlılar heyəti jurnalistə 83,3 milyon dollar ödənilməsi barədə hökm çıxarmışdı.
CNN bildirir ki, yeni araşdırma Kerrollun 2022-ci ildə verdiyi ifadələrə əsaslanır. O zaman jurnalist iddia qaldırmaq üçün kənardan maliyyə dəstəyi almadığını bildirmişdi. Lakin sonradan məlum olub ki, milyarder Rid Hoffmanın onun məhkəmə xərclərinin bir hissəsini ödədiyi aşkarlanıb.
Telekanal qeyd edir ki, bu hadisə Trampın tələbi ilə Ədliyyə Nazirliyinin onun uzunmüddətli şəxsi rəqiblərinə qarşı təqib siyasətinin növbəti nümunəsi kimi qiymətləndirilir.
Xatırladaq ki, 2026-cı ilin aprelində ABŞ-ın keçmiş Federal Təhqiqat Bürosu (FTB) direktoru Ceyms Komiyə Trampın həyatına təhdid ittihamı irəli sürülüb. ABŞ Prezidenti Komini ona qarşı hüquq sistemindən istifadə cəhdinin əsas fiqurlarından biri hesab edir.
Bundan başqa, 2025-ci ilin oktyabrında Nyu-York ştatının baş prokuroru Letisiya Ceymsə qarşı da dələduzluq ittihamı irəli sürülmüşdü. O, daha əvvəl Trampa qarşı məhkəmə araşdırmalarını aparan şəxslərdən biri olub.