BAKI, 22 may. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında uşaqların istismarı ilə bağlı cinayətlərə qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı 300-dən çox şübhəli saxlanılıb.

Teleqraf "Fox News"a istinadən xəbər verir ki, Los-Anceles Polis Departamentinin (LAPD) rəhbərliyi altında həyata keçirilən “Operation Firewall” əməliyyatı internet üzərindən törədilən uşaq pornoqrafiyası, insan alveri, azyaşlıların aldadılması və cinsi məqsədlərlə əlaqəyə cəlb edilməsi kimi cinayətləri hədəf alıb.

Aprelin 19-dan mayın 3-dək davam edən iki həftəlik əməliyyata beş dairədən 112 hüquq-mühafizə qurumu qatılıb.

Polisin məlumatına görə, əməliyyat nəticəsində 341 nəfər saxlanılıb, 40 uşaq isə xilas edilib.

İstintaq çərçivəsində sosial media platformalarında gizli əməliyyatlar aparılıb, çoxsaylı axtarış və həbs orderləri icra olunub.

Bildirilir ki, saxlanılan şəxslərə qarşı uşaq istismarı materiallarının hazırlanması, saxlanılması və yayılması, azyaşlılarla əxlaqsız hərəkətlər, cinsi məqsədlərlə əlaqə qurmaq, insan alveri və şərti cəza qaydalarının pozulması kimi ittihamlar irəli sürülüb.

Əməliyyat çərçivəsində saxlanılanlardan biri 42 yaşlı Daniel Navarro iki azyaşlı qızı “Instagram” vasitəsilə aldadaraq onlardan birini Meksikaya aparmaqda ittiham olunub. Onun 45 il həbs cəzası aldığı bildirilir.

Hüquq-mühafizə orqanları əməliyyat zamanı 150 mindən çox qeyri-qanuni görüntünün də aşkarlandığını açıqlayıb.

Rəsmilər valideynlərə uşaqların internetdə təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq ediblər. ABŞ-nin Kaliforniya Mərkəzi Dairəsi üzrə prokuroru Bill Essayli bildirib ki, müasir dövrdə istismar halları əsasən internet üzərindən baş verir.

Orinc dairəsinin şerifi Don Barns isə valideynləri uşaqların elektron cihazlarına nəzarəti artırmağa çağırıb.

Məlumata görə, əməliyyat zamanı “764” adlı radikal onlayn qrupun fəaliyyəti də diqqət mərkəzində olub. Hüquq-mühafizə orqanları həmin şəbəkənin azyaşlıları zorakılığa, özünə zərər yetirməyə və açıq məzmunlu materiallar hazırlamağa məcbur etdiyini bildirib.