BAKI, 17 may. TELEQRAF
ABŞ-nin Luiziana ştatından olan respublikaçı senator Bill Kessidi yenidən seçilmək cəhdində uğursuzluğa düçar olub.
Teleqraf xəbər verir ki, Donald Trampın dəstəklədiyi namizəd Culiya Letlou və ştatın xəzinədarı Con Fleminq Respublikaçılar Partiyasının ilkin seçkilərində ikinci mərhələyə vəsiqə qazanıblar.
Məlumata görə, Bill Kessidi 2021-ci ildə Donald Trampın impiçmenti lehinə səs verdikdən sonra keçmiş prezidentin sərt tənqidinə məruz qalmışdı.
"Associated Press"in məlumatına əsasən, səslərin 98 faizi sayıldıqdan sonra Letlou 45,2 faiz, Fleminq isə 28,3 faiz səs toplayıb.
İyunun 27-də keçiriləcək ikinci turda qalib gələn namizəd noyabr seçkilərində demokrat namizəd Ceymi Devislə mübarizə aparacaq.
Donald Tramp sosial şəbəkədə paylaşım edərək Culiya Letlounu təbrik edib və Bill Kessidinin siyasi karyerasının başa çatdığını bildirib.
Bill Kessidi isə məğlubiyyətdən sonra tərəfdarlarına təşəkkür edərək Luiziananı 12 il təmsil etməyin onun üçün şərəf olduğunu deyib.