BAKI, 8 may. TELEQRAF
ABŞ-nin Oregon ştatının Portlend şəhərində insan alveri və fahişəliyə qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı altı azyaşlı qız xilas edilib.
Teleqraf "Fox News"a istinadən xəbər verir ki, bu barədə Portlend Polis Bürosu məlumat yayıb.
Məlumata görə, yaşı 13-17 arasında olan qızlar aprelin 15-dən etibarən İnsan Alveri ilə Mübarizə Bölməsi və Şərq Polis Dairəsinin keçirdiyi əməliyyatlar zamanı tapılıb.
Polis bildirib ki, şəhərin cənub-şərqində yerləşən 82-ci prospekt uzun illərdir insan alveri və fahişəlik fəaliyyəti ilə tanınır. Lakin bu dəfə aşkarlanan azyaşlı qurbanların sayı “təəccüblü dərəcədə yüksək” olub.
“Hüquq-mühafizə orqanları üçün insan alverçilərinin qurbanlarını xilas etmək adi haldır. Amma bu qədər çox uşağın qısa müddətdə aşkarlanması nadir hadisədir”, – açıqlamada qeyd olunub.
Xilas edilən qızların psixoloji və sosial dəstək xidmətlərinə yönləndirildiyi bildirilib. Həmçinin Oregon İnsan Xidmətləri Departamenti onların ailələrinə qaytarılması və ya mühafizə altına yerləşdirilməsi istiqamətində iş aparır.
Polis insan alveri qurbanlarının çox vaxt qorxu, psixoloji asılılıq və təhdid səbəbindən hüquq-mühafizə orqanlarına müraciət etmədiyini vurğulayıb.
Hazırda istintaq davam edir, insan alverində şübhəli bilinən şəxslərin adları açıqlanmayıb.