BAKI, 5 may. TELEQRAF

ABŞ administrasiyası yeni süni intellekt modellərinə məcburi nəzarətin tətbiqi imkanını nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə "The New York Times" (NYT) qəzeti məlumat yayıb.

Məlumata görə, Donald Tramp administrasiyası süni intellekt sahəsində nəzarət mexanizmlərinin yaradılması üçün prezident sərəncamı imzalanmasını müzakirə edir. Bu çərçivədə texnologiya şirkətlərinin rəhbərləri və dövlət rəsmilərinin iştirakı ilə xüsusi işçi qrupunun formalaşdırılması planlaşdırılır.

Bildirilir ki, ABŞ-nin bu sahədə Böyük Britaniya modelinə yaxınlaşa biləcəyi ehtimal olunur. Həmin modeldə bir neçə dövlət qurumu süni intellekt modellərini təhlükəsizlik standartlarına uyğunluq baxımından yoxlayır.

Qəzet qeyd edir ki, Vaşinqtonun belə addımı hazırkı administrasiyanın əvvəlki siyasətindən ciddi dönüş kimi qiymətləndirilir. Belə ki, əvvəlcə süni intellektin inkişafına müdaxilə etməyən ABŞ hökuməti sonradan Anthropic şirkətinin hazırladığı “Mythos” modelindən sonra mövqeyini dəyişib.

Qeyd olunur ki, bu model kibertəhlükəsizlik sistemlərində zəiflikləri aşkar etmək baxımından yüksək effektivlik nümayiş etdirib və potensial risklər səbəbindən şirkət onu ictimaiyyət üçün açıq etməyib.