BAKI, 17 aprel. TELEQRAF

ABŞ Prezidenti Donald Trumpın administrasiyası Mayamidə (Florida ştatı) yerləşən katolik xeyriyyə təşkilatı ilə çoxillik müqaviləni ləğv edib.

Teleqraf xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Söhbət “Catholic Charities” təşkilatından gedir. Müqavilənin ləğvi nəticəsində təşkilat 11 milyon dollar itirib. Bu vəsait yetkinlik yaşına çatmayanlar və miqrant uşaqlara yardım üçün nəzərdə tutulmuşdu. Federal müqavilənin ləğvi Vaşinqtonun qeyri-qanuni miqrasiya siyasəti ilə əlaqələndirilir. Təşkilat 60 ildən çoxdur bu cür xidmətlər göstərir.

İddiaya görə, qərar mart ayında qəbul edilib, amma bu barədə məlumat yalnız indi - ABŞ Prezidenti Donald Trampla Roma Papası XIV Leo arasındakı gərginlik fonunda açıqlanıb.

Son həftələrdə XIV Leo ABŞ-nin Yaxın Şərqdə apardığı müharibələri sərt tənqid edib. Tramp ona cavab olaraq bildirib ki, Papa cinayətkarlıq və xarici siyasət məsələlərində zəifdir. Həmçinin prezident iddia edib ki, əgər o, prezident olmasaydı, ABŞ-dən biri papa seçilməzdi. XIV Leo isə cavab verib ki, Trampdan qorxmur, amma onunla polemikaya girmək niyyətində də deyil.