BAKI, 18 fevral. TELEQRAF

“İran hələ də Prezident Donald Tramp tərəfindən müəyyən edilmiş qırmızı xətlərini qəbul etməyə hazır deyil”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

“Bəzi məqamlarda proses yaxşı gedir, tərəflər gələcəkdə yenidən görüşməyə razılaşdılar. Amma digər yandan prezident bəzi qırmızı xətlər müəyyən edib, iranlılar hələ də onları qəbul və müzakirə etməyə hazır deyillər”, - o bildirib.

Ceyms Devid Vens əlavə edib ki, İranın nüvə silahına sahib olmasının qarşısının alınması ABŞ-nin qırmızı xəttidir:

“Vaşinqton Yaxın Şərqdə nüvə silahlarının yayılmasının qarşısını almağı prioritet hesab edir. Tehranın nüvə bombası əldə etməsi bölgədə nəzarətsiz silah yarışına səbəb ola bilər.

ABŞ-nin müəyyən qırmızı xətləri var. Bizim əsas marağımız burada İrana nüvə silahı əldə etməyə imkan verməməkdir. Nüvə silahlarının yayılmasını istəmirik.

Əgər İran nüvə silahı əldə edərsə, onlardan sonra bir çox digər rejimlər - bəziləri dost, bəziləri isə elə də dost olmayandır – onlar da nüvə silahı əldə etmək istəyəcək. Bu, ABŞ üçün fəlakət olardı”.