BAKI, 16 fevral. TELEQRAF

ABŞ-nin hərbi komandanlığı Rusiyanın orbitə nüvə başlığı olan peyk əleyhinə raket buraxmasının qarşısını almaq üçün müdafiə vasitələrini təkmilləşdirməlidir.

Teleqraf xəbər verir ki, bu barədə “Atlantic Council”in mütəxəssisi Con Kleyn “Forbes” üçün yazdığı məqalədə bildirib.

O qeyd edib ki, ABŞ Rusiyanın təcavüzünü zəiflətmək üçün göstərdiyi bütün diplomatik səylər nəticəsiz qalsa, müharibəyə hazırlaşmalıdır.

Kleynin sözlərinə görə, Rusiyanın nüvə başlıqlı peyk əleyhinə raketləri ABŞ ilə müharibənin başlamasında əsas rol oynaya və Vaşinqtonun kosmosdakı üstünlüyünə son qoymağa yönəlmiş gözlənilməz asimmetrik zərbə vasitəsi ola bilər:

“Yerin aşağı orbitində, Beynəlxalq Kosmik Stansiyanın yaxınlığında termonüvə başlıqlı partlayış stansiyanı yararsız hala sala, həmçinin Qərbin bütün peyklərini məhv edə bilər. Başlıq 400 kilometr yüksəklikdə partladıqda ABŞ və müttəfiqlərinin minlərlə peykini məhv edə və orbitdə aparatların keçidini təhlükəli hala gətirə bilər”.

Kleyn hesab edir ki, Kremlin 2024-cü ilin əvvəlində Vaşinqton tərəfindən aşkarlanan nüvə başlıqlı peyk əleyhinə raket ABŞ və müttəfiqləri üçün fəlakətli təhlükə təşkil edir və bu raket Yerin aşağı orbitinə yerləşdirilmədən məhv edilməlidir: “Rusiya və ya istənilən digər ölkənin orbitdə nüvə silahı yerləşdirmək təhlükəsi bu baş vermədən neytrallaşdırılmalıdır”.

O əlavə edib ki, kosmik peyklər və astronavtlara təhlükə yarada biləcək bu superbomba vaxtında məhv edilməlidir.