BAKI, 5 fevral. TELEQRAF
Meksikanın cənubunda uzun müddətdir qismən sabit hesab olunan “qatil vulkan” El-Çiçon yenidən diqqət mərkəzinə düşüb.
Teleqraf xəbər verir ki, Meksika Milli Avtonom Universitetinin Geofizika İnstitutunun alimləri vulkanın krateri daxilində dəyişikliklər qeydə alıblar.
Elm adamlarının fikrincə, bu dəyişiklik potensial olaraq yeni püskürmə ehtimalına işarə edə bilər.
El-Çiçon artıq tarixdə faciəvi iz qoyub. 1982-ci ildə burada baş verən güclü püskürmə Meksikanın müasir tarixində ən ölümcül hadisələrdən biri olub. Həmin vaxt piroklastik axın və qalın kül bütöv yaşayış məntəqələrini məhv edib, iki mindən çox insanın həyatına son qoyub.
Püskürmə bölgədə landşaftı kökündən dəyişib, vulkanın zirvəsi çöküb, sonradan su ilə dolan krater yaranıb. Hətta atmosferə böyük həcmdə kükürd dioksidin buraxılması qlobal nəticələrə səbəb olub, planet üzrə orta temperaturun qısamüddətli enişi qeydə alınıb. Məhz bu təcrübə Çiçondakı istənilən dəyişikliyi həssas məsələyə çevirir.
2025-ci ilin sonlarında Meksika tədqiqatçıları krater gölündə bir sıra anomaliyalar qeydə alıblar. Ayrı-ayrı ölçmələr zamanı gölün səth temperaturu 118 dərəcəyə çatıb, suda isə dibdən qalxan qazlarla əlaqəli içi boş kükürd sferaları yaranıb. Gölün rəngi də dəyişib, yosunların təsiri ilə yaşılmtıl olan rəng boz çalara keçib ki, bu da sulfat və silisium oksidinin (kremnezem) konsentrasiyasının artdığını göstərir.
Nümunələrin analizi xlorid səviyyəsində dalğalanmaları, həmçinin hidrogen sulfid və karbon qazı emissiyalarının artmasını üzə çıxarıb. Mütəxəssislərin sözlərinə görə, bunlar səthin altında aktiv hidrotermal proseslərin əlamətləridir.
Seysmik aktivlik zəif və dayaz olaraq qalır, bu da maqmanın qalxmasına dəlalət etmir. Bununla belə, vulkan sarı həyəcan səviyyəsindədir. Alimlər vurğulayırlar ki, sistem uzun müddət sabit qala bilər, amma buxar təzyiqinin yaratdığı qəfil fretik partlayışlar riski mövcuddur.