BAKI, 16 dekabr. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın xarici siyasət strategiyası qlobal təhlükəsizlik üçün ciddi risklər yaradır və dünyanı genişmiqyaslı müharibəyə sürükləyir.

Teleqraf xəbər verir ki, bu fikri Yale Universitetinin professoru Qreq Qrandin “The New York Times” qəzetində dərc olunan məqaləsində ifadə edib.

Tarixçinin sözlərinə görə, Tramp həm ilk prezidentlik dövründə, həm də indi aydın şəkildə göstərib ki, Soyuq müharibədən sonra ABŞ-nin dünya nizamını idarə etdiyi ikiqütblü konsensus özünü tükədib. Onun yazdığına görə, bunun əvəzinə Ağ Ev rəqabətli, möhkəmləndirilmiş təsir dairələrinə bölünmüş bir dünya təklif edir.

Professor xatırladıb ki, Ağ Evin bu ay təqdim etdiyi yenilənmiş Milli Təhlükəsizlik Strategiyası sözügedən keçidi rəsmiləşdirməyi hədəfləyir.

“Sənəd “Hər şeydən öncə Amerika” adlı aqressiv millətçiliyin bütün cəhətlərini əks etdirir: qloballaşma, azad ticarət və xarici yardımı pisləyir, dövlət quruculuğunu rədd edir və NATO üzvlərini ÜDM-lərinin daha böyük hissəsini müdafiə xərclərinə ayırmağa çağırır. Burada xəbərdarlıq edilir ki, ABŞ artıq öz milli maraqları ilə birbaşa əlaqəsi olmayan qlobal yükü əbədi olaraq çiyinlərində daşımayacaq”, - Qrandin qeyd edib.

Professor xüsusi diqqəti Tramp administrasiyası üçün siyasətin əsas prinsiplərindən biri olan “Monro doktrinası”na qayıdışa yönəldib. Yeni Milli Təhlükəsizlik Strategiyasında ABŞ öz hegemoniyasını qorumaq məqsədilə bu doktrinanı bərpa və icrasını təmin etmək niyyətini bəyan edir.

“Monro doktrinası” nə müqavilədir, nə də qanun. Bu, 1823-cü ildə prezident Ceyms Monro tərəfindən verilmiş sadə bir bəyanat kimi başlayıb. Bu bəyanat ispan-amerikan respublikalarının müstəqilliyini tanıyır və Avropanı Qərb yarımkürəsinin “gələcək kolonizasiyası” üçün qadağan olunmuş zona olduğu barədə xəbərdar edirdi”, - tarixçi vurğulayıb.

Qrandinin fikrincə, bu siyasət dünyada sərt təsir dairələrinin formalaşması tendensiyasına uyğundur: Rusiya postsovet məkanında, Çin Cənubi Çin dənizi, ABŞ isə Qərb yarımkürəsində möhkəmlənir. Bununla yanaşı, onun sözlərinə görə, Vaşinqton dünya lideri rolundan imtina etmir və faktiki olaraq “Monro doktrinası”nın məntiqini bütün dünyaya tətbiq etməyə, birtərəfli güc tətbiqi hüququnu özündə saxlamağa çalışır.

Professor hesab edir ki, ABŞ-nin hazırda formalaşdırdığı və bu çərçivədə Avropada parçalanma yaradan, Latın Amerikasını hədələyən, Amerikanın isə hər yerdə yalnız öz maraqlarını güddüyü dünya modeli daha çox qarşıdurma, daha çox gərginlik və daha çox müharibə deməkdir.

Bu baxımdan o, NATO baş katibi Mark Ruttenin son çağırışını yerində hesab edir. Rutte ölkələri dünya miqyasında bir müharibəyə hazır olmağa səsləmişdi.