BAKI, 2 dekabr. TELEQRAF

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Almaniya Müdafiə Nazirliyi ilə Ukrayna məsələsi üzrə təmasları dayandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-leytenant Kristian Froydinq “The Atlantic”ə bildirib.

Froydinq əvvəllər Almaniya Müdafiə Nazirliyində Ukraynaya yardımı əlaqələndirən işçi qrupunun rəhbəri vəzifəsində çalışıb. Onun sözlərinə görə, vaxtilə Pentaqon nümayəndələri ilə gecə-gündüz yazışa bilirdi, amma son vaxtlar əlaqə kəsilib, tamamilə dayanıb.

Almaniya Quru Qoşunlarına komandanlıq edən general həmçinin bildirib ki, Donald Tramp administrasiyası Ukraynaya bəzi silah növlərinin tədarükünün dayandırılması barədə Berlinə əvvəlcədən məlumat verməyib. Məlumat almaq üçün əvvəllər olduğu kimi amerikalılarla birbaşa əlaqə saxlamaq mümkün olmadığından, indi o, Vaşinqtondakı Almaniya səfirliyinə müraciət etməli olur.