BAKI, 20 sentyabr. TELEQRAF
“ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinə qarşı bağlı qapılar arxasında ictimaiyyət qarşısında olduğundan daha qəzəblidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq “The Telegraph” qəzetinə müsahibəsində deyib.
“O (Tramp – red.) qəzəblidir. O, Putinlə şəxsi münasibətlərinin nəticə verəcəyini düşünürdü. Bunun əvəzinə Putin onu aldadır. Bağlı qapılar arxasında Prezident Tramp ictimaiyyət qarşısında olduğundan daha qəzəblidir”, - Kelloq bildirib.
Prezidentin nümayəndəsi etiraf edib ki, Ukraynada müharibəyə son qoymaq yolunda Trampla Putin arasında fikir ayrılıqları var, ABŞ prezidenti savaşın sülhə bitməsinin tərəfdarıdır:
“Problem ondadır ki, Putin qalib gəldiyini düşünür, ona görə də hələlik sülhə razı deyil. Tramp isə sülh danışıqlarına üstünlük verir”.
Kelloq Rusiyanın ciddi insan itkilərinə məhəl qoymadığını da vurğulayıb:
“Bu, şokedicidir. Rusiya insan həyatı ilə maraqlanmır. Cəmiyyət də vecinə deyil. Dəhşətli olan da budur. Bu, 1942-1943-cü illərdə Stalinqradda 68 min itki vermiş, gözünü belə qırpmayan xalqdır”.