BAKI, 6 avqust. TELEQRAF
“Ukrayna yeni hücum silahları ala bilər, ABŞ Prezidenti Donald Tramp Pentaqona bunun tezliklə həll edilməsi üçün bir sıra əmrlər verib”.
Teleqraf xəbər verir ki, bunu Ronald Reyqan Respublikaçılar Klubunun prezidenti Boris Pinkus deyib.
Amerikalı siyasətçi bildirib ki, bu cür silahlar hərbi əməliyyatların gedişatını dəyişə bilər - xüsusən də Rusiyanın dərinliklərinə, əsas hədəflərə zərbələr baxımından.
Pinkus vurğulayıb ki, ABŞ Konqresi çoxdan bu cür silahların Ukraynaya verilməsini tələb edir. Söhbət əsasən ABŞ-nin yeni qanadlı raketlərinin tədarükündən gedir.
“Bu raketlərin unikallığı ondan ibarətdir ki, 300 metrdən aşağı uçur, bu, çox vacibdir, çünki onlar radarlardan yayına bilirlər. Onların uçuş məsafəsi 450-500 kilometrdir. Bu, kifayət qədər uzun məsafədir”, - o qeyd edib.
Pinkus əlavə edib ki, bu cür hava-yer tipli raketlər həm MiQ, həm də F-16 qırıcılarında istifadə oluna bilər və Tramp artıq Pentaqona Ukrayna üçün belə raketlərin istehsalı üçün ABŞ-nin iki müdafiə korporasiyası ilə müqavilələr bağlamağı əmr edib.