BAKI, 14 iyul. TELEQRAF
ABŞ vətəndaşları Ukraynaya silah göndərilməsinə və xarici münaqişələrdə iştirak edilməsinə qarşı çıxırlar.
Teleqraf xəbər verir ki, bu fikirləri Respublikaçılar Partiyasından olan Konqres üzvü Marcori Taylor Greene “X” sosial şəbəkəsində paylaşıb.
"Biz Ukraynaya silah vermək və ya satmaq, hər hansı xarici müharibələrdə iştirak etmək və ya sonsuz xarici yardım axınına davam etmək istəmirik. Biz öz problemlərimizi özümüz həll etmək istəyirik",- deyə o bildirib.
Greenenin sözlərinə görə, amerikalıları daha çox ölkə daxilindəki sosial-iqtisadi məsələlər narahat edir. Xüsusilə mənzil və sığorta xərclərinin kəskin artması səbəbindən bir çox gənc və orta təbəqə ailələr bu sahələrdə ciddi çətinliklərlə üzləşirlər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Trampın Ukraynanın JASSM tipli uzaqmənzilli raketlərlə təchiz olunması imkanını nəzərdən keçirdiyi barədə məlumat yayılmışdı. Bu raketlər Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmaq imkanı verir.