BAKI, 11 sentyabr. TELEQRAF
Qubadlıda Bərgüşadçay su anbarının tikintisinin II mərhələsi (3-cü hissə) üzrə 108,6 milyon manat dəyərində vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu barədə “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” açıq tender elan edib.
Tenderin qalibi təsərrüfatlara suvarma suyunun verilməsi üçün magistral və paylayıcı boru kəmərlərinin tikintisini həyata keçirəcək.
Layihənin ehtimal olunan qiyməti 108 milyon 633 min 757,08 manatdır. Tender üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi oktyabrın 26-na təyin edilib.
Qeyd edək ki, ötən il qurum Bərgüşadçay su anbarının tikintisi ilə bağlı Türkiyənin “Sistem Elektro Mekanik Tesisler Sanayi Ve Ticaret Anonim Şirketi”nin Azərbaycandakı filialı ilə 51 milyon 765 min 414,8 manat dəyərində müqavilə imzalayıb.
Cari ilin avqustunda “Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti” su anbarının tikintisinin I və II hissələri üzrə də tenderlər elan edib. I hissənin tikintisi üzrə tenderin ehtimal olunan qiyməti 87 milyon 832 min 935,38 manat, II hissə üzrə isə 130 milyon 372 min 439,24 manat müəyyənləşdirilib.