BAKI, 9 iyul. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın Şimali Koreya lideri Kim Çen Inla danışıqları bərpa etməsi onun xarici siyasətində prioritet istiqamətlərdən biri olaraq qalır.
Teleqraf xəbər verir ki, bu barədə tanınmış şərqşünas Andrey Lankov "Foreign Affairs" jurnalında dərc olunan məqaləsində bildirib.
"Tramp Şimali Koreyanı unutmayıb. Onun administrasiyası digər aktual məsələlərlə məşğul olsa da, Pxenyanla danışıqları bərpa etməyin prezidentin əsas prioritetlərindən biri olaraq qaldığını göstərən bir çox əlamətlər var", - deyə məqalədə qeyd olunur.
Lankov hesab edir ki, ABŞ və KXDR arasında yeni təmaslar konkret razılaşmalarla nəticələnə bilər. O həmçinin xatırladıb ki, Tramp prezidentlik dövründə Kim Çen Inla bir neçə dəfə görüşsə də, tərəflər razılıq əldə edə bilməmişdi. Onun Ağ Evə qayıdışı bu danışıqları yenidən başlatmaq üçün ikinci bir şans kimi qiymətləndirilir.
Ekspertin fikrincə, Tramp üçün Şimali Koreya ilə mümkün razılaşma, hazırda çətinliklərlə üzləşən Ukrayna və Yaxın Şərq siyasətində uğur qazanmaq üçün mühüm fürsət ola bilər.
Qeyd edək ki, daha əvvəl Ağ Evin mətbuat katibi Karolin Levitt də ABŞ prezidentinin Şimali Koreya lideri ilə dialoqa açıq olduğunu bildirib.
Onun sözlərinə görə, Tramp 2018-ci ildə Sinqapur sammitində əldə edilən irəliləyişlərin davamını görmək istəyir.