BAKI, 9 iyun. TELEQRAF

Prezident Donald Tramp ABŞ-nin İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) reydlərinə qarşı etirazları dağıtmaq üçün Los-Anceles şəhərinə əlavə 2000 Milli Qvardiya əsgəri göndərməyi qərara alıb.

Teleqraf xəbər verir ki, bu barədə Kaliforniya qubernatoru Qevin Nyusom "X" sosial şəbəkəsində məlumat yayıb.

Beləliklə, o, milli qvardiyaçıların sayını ikiqat artırıb. Daha əvvəl Tramp "Mələklər şəhəri"nə 2000 əsgərin göndərilməsini əmr etmişdi. Nyusomun sözlərinə görə, onlardan yalnız 300 nəfəri aktiv işə cəlb olunub, "qalanları isə heç bir əmr almadan federal binalarda oturub", həmçinin yeməksiz və susuz qalıblar.

"Bu, ictimai təhlükəsizlik məsələsi deyil. Bu, prezidentin təhlükəli eqosuna dözməkdir", - qubernator bildirib.

Xatırladaq ki, daha əvvəl Nyusom Trampın onun ştatına göndərdiyi Milli Qvardiya əsgərlərinin döşəmədə yatdığını əks etdirən fotoşəkillər paylaşmışdı. O, ABŞ liderinin hərbçilərə münasibətini "rüsvayçılıq" adlandırıb. Qubernator hərbçilərin yemək, su, yanacaq, təchizat və ya yaşayış üçün federal maliyyələşdirmə olmadan gəldiyini bildirib.