BAKI, 6 iyun. TELEQRAF
Ağ Evin keçmiş müşaviri Stiven Bannon milyarder İlon Maskı “qanunsuz miqrant” adlandırıb, ABŞ Prezidenti Donald Trampla qalmaqallı mübahisədən sonra onu ölkədən deportasiya etməyə çağırıb.
Teleqraf xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb.
“Onun (Mask) immiqrasiya statusu ilə bağlı rəsmi araşdırmaya başlanılmalıdır. Çünki mən onun qanunsuz miqrant olduğuna və dərhal ölkədən deportasiya edilməli olduğuna qəti inanıram”, - Bannon bildirib.
İlon Mask Kanadaya köçməzdən əvvəl Cənubi Afrikada Respublikasında doğulub və böyüyüb. Ardınca ABŞ-yə köçüb və oranın vətəndaşı olub. Keçən il “Washington Post” qəzeti Maskın vətəndaşlıq almazdan əvvəl ABŞ-də qeyri-qanuni işlədiyini yazmışdı.
“Yad insanları öz evlərinə göndərin. Cənubi afrikalılardan başlayaq”, - Bannon Tramp administrasiyasının miqrasiya ilə bağlı genişmiqyaslı kampaniyasına işarə edərək deyib.
Sabiq müşavir İlon Maskın narkotik istifadəsinin onun deportasiyası üçün potensial fakt ola biləcəyini iddia edib: “Narkotik işi araşdırılacaq”.
Bannon həmçinin Trampın Maskın böyük dövlət müqavilələrinin ləğv edilməsi ilə bağlı son təklifini dəstəklədiyini bildirib:
“Prezident Tramp ona bu administrasiyada hamıdan çox səlahiyyət vermişdi, onu dəstəkləmişdi, bu adamı irəli çəkmişdi. Amma o, pis adamdır. Hər an səndən üz döndərə bilər, o, bizdən deyil və tamamilə səriştəsizdir”.
Mask Trampın vergi qanunu layihəsini tənqid etdikdən sonra onların münasibətləri pisləşib. Tramp jurnalistlərə Maskdan məyus olduğunu söyləyərək, ardınca sosial media hesabında onu “dəli” adlandırıb.
Mask ona cavabında Trampın “Epşteyn dosyesi”ndə (pedofiliya və fahişəliyin təşkilində ittiham olunan maliyyəçi) adının keçdiyi bir fiqur olduğuna işarə edib. Milyarder həmçinin Trampın impiçmenti ideyasını dəstəkləyib.
Xatırladaq ki, İlon Mask bu ilin yanvarında Donald Tramp tərəfindən ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri təyin olunmuşdu. Prezidentlə münasibətləri pisləşdikdən sonra mayın 29-da vəzifəsindən istefa verib.