BAKI, 31 may. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maska Amerika hökumətinin işinin səmərəliliyinin artırılması üzrə qurumun (DOGE) kuratoru vəzifəsindəki işinə görə qızıl açar hədiyyə edib.
Teleqraf xəbər verir ki, milyarder hökumətdəki işini başa vurub və özəl sektora qayıdıb.
"Burada özəl bir şey var. Çox özəl. Mən bunu çox xüsusi insanlara hədiyyə edirəm. Mən bunu ölkəmiz adından hədiyyə olaraq İlona verməyi qərara aldım. Təşəkkürlər, İlon!", - prezident qızıl açarı biznesmenə təqdim edərkən deyib. Mask hədiyyəni heyrətamiz adlandırıb və dövlət başçısına təşəkkürünü bildirib.
Mətbuat konfransı zamanı Tramp görülən işlərə görə dəfələrlə biznesmenə təşəkkür edib və onu tərifləyib. ABŞ lideri vaxtaşırı Maskın məsləhət və tövsiyələrini dinləyəcəyini bildirib. Jurnalistin prezidentə məsləhət verməyə davam edib-etməyəcəyi sualını milyarder müsbət cavablandırıb. O, "dövlət başçısının dostu və məsləhətçisi olaraq qalacağına ümid etdiyini" deyib. Maskın fikrincə, prezident və qanunvericilərin dəstəyi olarsa, DOGE 4 iyul 2026-cı ilə qədər büdcə xərclərini 1 trilyon ABŞ dolları azalda bilər.
ABŞ mətbuatı Trampın Maska hədiyyə etdiyi açarın internetdəki ticarət platformalarından birində 8 min ABŞ dollarına satıldığını müəyyən edib.