BAKI, 24 may. TELEQRAF

“Prezident Donald Trampın rəhbərliyi altında Birləşmiş Ştatlar hərbi gücdən nə vaxt istifadə edəcəyinə diqqət yetirəcək və açıq münaqişələrə girməkdən çəkinəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Vitse-prezident Trampın səyləri ilə Yəməndə “Ənsarallah” qruplaşması (husilər) ilə əldə edilmiş atəşkəsi xatırladıb.

“Biz yumruq atmağa qərar verəndə diqqətli olmalıyıq, amma yumruq atanda da o, güclü və qətiyyətli olmalıdır”, - Vens əlavə edib.

Onun sözlərinə görə, bəzi keçmiş prezidentlər ABŞ-ni ölkənin milli təhlükəsizliyi üçün lazım olmayan münaqişələrə cəlb ediblər.

Ceyms Devid Vens bu prezidentlərin adını çəkməsə də, onun İraq və Əfqanıstanda ABŞ-nin rəhbərlik etdiyi müharibələri başlatmış sabiq prezident Corc Buş və onun xələfi, Əfqanıstanda müharibəni davam etdirən Barak Obamanı nəzərdə tutduğu güman olunur.