BAKI, 24 aprel. TELEQRAF
ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ukraynanı Amerikanın sülhlə bağlı təkliflərini qəbul etməyə çağırıb. Əslində bu çağırış Rusiyanın çoxdankı tələblərini əks etdirir. ABŞ ilk dəfədir rəsmi şəkildə atəşkəs şərtlərini açıq şəkildə bəyan edir.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) yazır.
Amerikanın şərtləri arasında hazırkı cəbhə xəttinin dondurulması, Rusiyanın Krımı ilhaqının tanınması və Ukraynanın NATO-ya üzv olmaqdan imtina etməsi kimi məsələlər var.
Nəşrin fikrincə, bu bəyanat uzun müddətdir Rusiyanın öz ərazilərinə, xüsusilə Krıma olan iddialarını tanımaqdan imtina edən Ukraynaya təzyiqi artırmaq məqsədi daşıyır.
Vens bildirib ki, həm Ukrayna, həm də Rusiya Amerikanın şərtlərini qəbul etməsə, Vaşinqton sülh prosesindən çəkiləcək. NYT hesab edir ki, bu sözlərin əsas ünvanı Ukrayna Prezidenti Volodimir Zelenskidir. Təsadüfi deyil ki, Vensin bəyanatı Zelenskinin ölkəsinin Krımın işğalını heç vaxt tanımayacağını bir daha vurğulamasından bir neçə saat sonra gəlib. Qəzet əlavə edir ki, Vensin hədəsi Dövlət katibi Marko Rubio və Prezidenti Donald Trampın səsləndirdiyi bəyanatlarla səsləşir.
ABŞ analitiklərinə görə, Rusiya qoşunlarını Ukraynanın şərqində saxlayacaq sülh planı Moskva üçün xoş xəbər olacaq.
“Münaqişənin formal dondurulması Ukraynanın məcburi kapitulyasiyası və ərazilərinin əhəmiyyətli hissəsinin (ölkənin 20 faizi) Rusiyaya verilməsi demək olardı. Bu da işğalın əvvəlindən Kiyevi dəstəkləyən ABŞ və Avropa ölkələrinin rəhbər tutduğu öz müqəddəratını təyinetmə və sərhədlərə hörmət prinsiplərinə ziddir”, - NYT qeyd edir.