BAKI, 23 aprel. TELEQRAF

Vaşinqtonun Ukraynadakı münaqişənin həlli ilə bağlı təkliflərini qəbul etməyin vaxtı çatıb, əks halda ABŞ diplomatik prosesdə iştirakdan (vasitəçilikdən) imtina edəcək.

Teleqraf xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens deyib.

Vitse-prezident Vaşinqtonun Rusiya və Ukraynaya sülh sazişi üzərində irəliləyiş üçün aydın təklif verdiyini bildirib və əlavə edib ki, onların ya “hə” deməsinin vaxtı çatıb, ya da ABŞ prosesdən çəkiləcək.

Vens vurğulayıb ki, həm Rusiya, həm də Ukrayna münaqişənin həlli və istənilən sülh sazişinin bağlanması üçün ərazi güzəştlərinə getməli olacaq.

“Həm Ukrayna, həm də Rusiya hazırda tərəflərin nəzarətində olan ərazilərin bir hissəsindən imtina etmək məcburiyyətində qalacaq. Müsbət cavab almasaq, Rusiya ilə Ukrayna arasında vasitəçilik etməkdən imtina edəcəyik. Həm ruslar, həm də ukraynalılara aydın və ədalətli təklif vermişik”, - ABŞ-nin vitse-prezidenti qeyd edib.