
BAKI, 12 mart. TELEQRAF
ABŞ Ədliyyə Nazirliyi Texas ştatında sənədsiz miqrantların Amerika vətəndaşlarına nisbətən daha az cinayət törətdiyini göstərən və Donald Tramp administrasiyasının tez-tez onları “cinayətkarlar” kimi xarakterizə etməsinə zidd olan araşdırmanı internet saytından silib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Kato İnstitutunun miqrasiya üzrə eksperti Devid Bir məlumat verib.
“Ötən həftə Ədliyyə Nazirliyi bunu öz saytından sildi. Görəsən niyə?” - ekspert "X" sosial şəbəkə hesabında yazıb.
Milli Ədliyyə İnstitutunun “Sənədsiz miqrantların cinayət nisbəti ABŞ-də doğulmuş vətəndaşlara nisbətən daha aşağıdır” başlıqlı araşdırması Texasda 2012-2018-ci illər arasında cinayət məlumatlarını ehtiva edir.
Araşdırma sənədsiz insanların zorakılıq və narkotik cinayətlərinə görə ABŞ-də doğulmuş vətəndaşların yarısı, mülkiyyət cinayətlərinə görə isə dörddə bir nisbətində həbs edildiyini göstərir. Həmçinin qeyd olunurdu ki, ağır və zorakılıq xarakterli cinayətlər üzrə ən aşağı göstəricilər də miqrantlar arasında qeydə alınıb.
Xatırladaq ki, ABŞ hökuməti, şəxsən Prezident Donald Tramp tez-tez Amerikada yaşamaq üçün müvafiq sənədləri olmayan miqrantları zorakılıq və təhlükəli cinayətlərdə ittiham edir.
Ağ Evin Trampın planlaşdırdığı kütləvi deportasiyalarla bağlı son açıqlaması belədir:
“Tramp administrasiyası qanunsuz miqrant qatilləri, təcavüzkarları və narkotik satıcılarını küçələrimizdən uzaqlaşdırmağa davam etdiyi üçün ölkədən çıxarılan qanunsuz miqrantların sayı 50 mini ötüb”.