BAKI, 26 fevral. TELEQRAF

Çinli hakerlər ötən ilin payızında ABŞ-də keçirilən prezident seçkiləri kampaniyası zamanı Respublikaçılar Partiyasının Milli Komitəsinin elektron poçt sisteminə daxil olaraq ciddi təhlükəsizlik pozuntusuna yol veriblər.

Teleqraf xəbər verir ki, bu barədə məlumatlı mənbələr “Wall Street Journal”a bildiriblər.

Komitə ötən ilin iyulunda Miloukidə respublikaçıların konqresinə ev sahibliyi etməyə hazırlaşarkən “Microsoft” yüksək vəzifəli şəxslərlə əlaqə saxlayaraq, hakerlərin aylardır qurumun elektron poçt sisteminə daxil olduqları barədə xəbərdarlıq edib.

Məlumata görə, hakerlər Respublikaçılar Partiyasının Tayvan məsələsinə partiyanın proqramında necə yer verməyi planlaşdırdığı barədə məlumat əldə etməyə çalışıblar.

Nəşrin yazdığına görə, rəsmilər və Prezident Donald Trampın seçki kampaniyasının rəhbəri Kris La Sivita mediaya sızacağı narahatlığına görə müdaxilədən xəbər tutduqdan sonra Federal Təhqiqatlar Bürosunu (FTB) məlumatlandırmayıb.

Hakimiyyət orqanları haker hücumundan ilk dəfə iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində Trampa sui-qəsd cəhdindən bir neçə gün əvvəl xəbər tutublar. Müdaxilə zamanı nə qədər elektron poçta daxil olduğu bəlli deyil.