BAKI, 24 noyabr. TELEQRAF
“Ötən dövr ərzində Azərbaycan hərtərəfli şəkildə dinamik inkişaf edib. Bu amil qeyri-neft sektorunda da özünü aydın formada göstərir. Ölkəmizin bu istiqamətdə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq iqtisadi-maliyyə qurumlarının hesabatlarında da əksini tapır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Dünya Bankının Azərbaycan iqtisadiyyatı ilə bağlı son qiymətləndirməsi də ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafını təsdiqləyir. Belə ki, Dünya Bankının noyabr icmalına əsasən, 2026-cı ilin yanvar–sentyabr aylarında Azərbaycanın iqtisadiyyatı 1,5 faiz, qeyri-neft sektoru isə 2,6 faiz böyüyüb. İKT sektorunda artım 11,1 faiz, nəqliyyatda 10 faiz təşkil edib.
Millət vəkilinin fikrincə, bu sahənin inkişafının ciddi əsasları var. Belə ki, Prezident İlham Əliyev illər öncə ölkə iqtisadiyyatının şaxələndirilməsini prioritet elan edib. Bu siyasətə uyğun olaraq neft gəlirlərinin iqtisadiyyatın digər sahələrinin inkişafına yönəldilməsinə xüsusi diqqət yetirilib. Yəni, Azərbaycanda həyata keçirilən iqtisadi islahatların əsas istiqamətləri iqtisadiyyatın şaxələndirilməsini və investisiya qoyuluşunu sürətləndirmək, neft gəlirlərinin səviyyəsindən asılı olmayaraq qeyri-neft sektorunun yüksək inkişaf tempini təmin etmək ölkəmizin ixrac imkanlarını genişləndirməkdir.
Samir Vəliyev qeyd edib ki, hazırda qeyri-neft ÜDM-in həcmi cəmi ölkə üzrə yaradılan əlavə dəyərin (illik) təxminən 90,2 milyard manatına bərabərdir. Halbuki bu rəqəm, 2020-ci ildə 50,8 milyard manat təşkil edirdi. Cəmi 5 il ərzində (2026-cı il nəzərə alınmadan) bu sektorda təxminən 70 faizlik artım baş verib. Bu, iqtisadiyyatın strukturunda dərinləşən dəyişimin göstəricisidir və iqtisadi genişlənmə qeyri-neft drayverləri olan istehsal, rəqəmsallaşma, sənaye, turizm, xidmət və innovasiyalar, tranzit daşınmaları üzrə təmin edilməkdədir. Son illərdə sənaye zonaları, aqroparklar, logistika və nəqliyyat layihələrinə yönələn investisiyalar, həmçinin turizm və texnologiya sahələrindəki genişlənmə nəticəsində Azərbaycan iqtisadiyyatı artıq neftdən kənar sabit gəlir mənbələri formalaşdırıb.
“Bu, onu göstərir ki, Azərbaycanın növbəti mərhələdə iqtisadi artımını təmin edən əsas qüvvə qeyri-neft sektoru olacaq. Yəni ölkə tədricən xammaldan kapital və xidmət ixracatına keçid mərhələsinə qədəm qoyub. Azərbaycan artıq təkcə neft-qaz gəlirləri ilə deyil, real sektorun və xidmət iqtisadiyyatının hesabına böyüyür. 2027-ci ilin dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payının artması da bu perspektivdən xəbər verir. Bütün bunların fonunda ölkəmizin qeyri-neft sektoru üzrə dinamik inkişafının nüfuzlu beynəlxalq maliyyə-iqtisadi qurumu olan Dünya Bankının hesabatında əksini tapması olduqca müsbət haldır” – deyə, deputat vurğulayıb.