BAKI, 3 oktyabr. TELEQRAF
Səudiyyə Ərəbistanı Yəmən hökuməti ilə birgə qiyamçı “Ənsarallah” Hərəkatına (husilər) qarşı irimiqyaslı hücum planlaşdırsa da, ABŞ hələlik bu əməliyyatda iştirak etməyə hazır deyil.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
ABŞ artıq bir neçə həftə ərzində iki dəfə Səudiyyə Ərəbistanının əməliyyata qoşulmaq və husilərin mövqelərinə hava zərbələri endirmək xahişini rədd edib. Adının açıqlanmasını istəməyən amerikalı rəsmi vurğulayıb ki, əməliyyat zamanı problemlər yaranarsa, vəziyyət dəyişə bilər.
“Axios”un iddiasına görə, ABŞ Prezidenti Donald Tramp ötən həftə husilərin mövqelərinin bombalanması barədə əmr verməyə yaxın olsa da, son anda bir müddət gözləmək qərarına gəlib. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) münaqişədə birbaşa iştirakın əleyhinə çıxıb.
Portal yazıb ki, hərbi plan Səudiyyə Ərəbistanı tərəfindən bir neçə həftə ərzində hazırlanıb və hökumət tərəfindən bir neçə gün əvvəl təsdiqlənib. Digər rəsminin sözlərinə görə isə ABŞ birbaşa münaqişədə iştirak istisna olmaqla, əsasən kəşfiyyat məlumatlarının ötürülməsi sahəsində Səudiyyə Ərəbistanına hər cür kömək göstərir. O vurğulayıb ki, Vaşinqton Ər-Riyada zərbələr endirmək üçün 200-dən çox hədəfin siyahısını verib.