BAKI, 14 sentyabr. TELEQRAF

“Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) bir ildən çoxdur İranın zənginləşdirilmiş uran ehtiyatlarını və nüvə obyektlərindəki vəziyyəti yoxlaya bilmir”.

Teleqraf xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi deyib.

AEBA rəhbəri bildirib ki, nüvə materialları barədə məlumatın və onların yoxlanılması üçün obyektlərə çıxışın olmaması ciddi narahatlıq doğurur və bu məsələ təcili həll edilməlidir.

“Xüsusən də 2026-cı ildə agentliyin İranın nüvə proqramına nəzarəti ilə bağlı vəziyyət daha da pisləşib. AEBA ötən ilin iyununda İrana hücumdan sonra müfəttişlərini ölkədən çıxarmağa məcbur olub”, - Qrossi vurğulayıb.

Beynəlxalq agentliyin baş direktoru əlavə edib ki, AEBA altı aydan çoxdur Buşehr Atom Elektrik Stansiyasında həyata keçirilmiş bir yoxlama istisna olmaqla, İranda heç bir obyektdə yoxlama aparmayıb.

Rafael Qrossi İranın nüvə proqramı ilə bağlı həll yolu tapmaq üçün diplomatiyaya və danışıqlara qayıtmağın zəruri olduğunu söyləyib: “Proqramla bağlı mövcud vəziyyət nüvə silahlarının yayılmaması rejimi üçün nəticələr doğurur”.