BAKI, 2 sentyabr. TELEQRAF

İsrail Silahlı Qüvvələri Tehran yəhudi dövlətinin ərazisinə hücum edəcəyi təqdirdə İranın nüvə obyektlərinə zərbə endirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə İsrailin rəsmi mənbələrinə istinadla “Al-Monitor” məlumat yayıb.

Məlumata görə, İsrail hazırkı şəraitdə İranla birbaşa qarşıdurmada maraqlı deyil. Buna səbəb ABŞ-nin İrana qarşı əməliyyatları davam etdirməsidir. İsrail mövcud status-kvonun qorunmasında maraqlıdır və eskalasiyaya getmək niyyətində deyil.

Bununla belə, İsrail rəhbərliyi İranın ölkə daxilindəki radikal dairələrin təzyiqi altında lokal zərbələr endirə biləcəyini istisna etmir. İsrail Hərbi Hava Qüvvələri yüksək döyüş hazırlığı vəziyyətindədir. Eskalasiya baş verəcəyi təqdirdə İsrail ilk növbədə İranın nüvə obyektlərinə fokuslanacaq. Belə bir ssenaridə İranın enerji və nəqliyyat infrastrukturu, eləcə də dövlət müəssisələri İsrail üçün ikinci dərəcəli hədəflər olacaq.