BAKI, 3 noyabr. TELEQRAF

ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərin nəticəsindən asılı olmayaraq, Konqresdə Ukraynaya yardımın davam etdirilməsi ilə bağlı qanunların qəbul edilməsi çətinləşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Nəşrin təhlilinə görə, Kiyevə dəstək verən bir sıra nüfuzlu respublikaçı konqresmenlərin vəzifədən getməsi demokratların Ukraynaya yardım təşəbbüslərini həyata keçirmək imkanlarını məhdudlaşdıracaq.

Konqresi tərk edəcək siyasətçilər arasında Senatda respublikaçıların keçmiş lideri Mitç Makkonnell, senatorlar Tom Tillis, Bill Kessidi və Con Kornin, həmçinin Nümayəndələr Palatasının üzvləri Don Beykon və Maykl Makkolun adları çəkilir.

Onların 2027-ci il yanvarın 3-də fəaliyyətə başlayacaq yeni Konqresin tərkibində olmayacağı bildirilir.

“Politico” qeyd edir ki, bəzi ştatlarda Konqresə namizəd olan yeni respublikaçılar Ukraynaya əvvəlki partiya nümayəndələri qədər dəstək göstərmirlər.

Konqresdəki mənbələrdən biri nəşrə bildirib ki, bu dəyişikliklər ABŞ-nin Ukraynaya dəstəyinə real təsir göstərə biləcək qanun layihələrinin sayını azalda bilər.

“Qorxuram ki, hazırkı administrasiyanın dəstəkləyəcəyi qanun layihələri üzərində işləyən və Ağ Evi bu təşəbbüslərə razı salmağa çalışan konqresmenlər koalisiyası formalaşmasın”, – mənbə vurğulayıb.

Bununla belə, nəşr Respublikaçılar Partiyasında Rusiyaya qarşı sərt tədbirləri dəstəkləyən siyasətçilərin hələ də olduğunu qeyd edir. Onların arasında Alabama ştatından senator Keti Britt xüsusi göstərilir.

Ağ Evin nümayəndəsi isə “Politico”ya açıqlamasında Prezident Donald Trampın Ukraynadakı münaqişənin dayandırılmasında konstruktiv rol oynamaq niyyətində olduğunu bildirib.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-də Konqresə aralıq seçkilər keçirilir. Seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın təxminən üçdəbir hissəsi yenidən seçiləcək. Hazırda Konqresin hər iki palatasına respublikaçılar nəzarət edir.