BAKI, 2 sentyabr. TELEQRAF
“İsrail ordusu İranın mümkün hücumuna hazırdır, Tehran ölkəmizi hədəfə alacağı təqdirdə, digər ölkələrdən asılı olmadan, çox sərt verəcək”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
O bildirib ki, İsrail Silahlı Qüvvələri və Hərbi Hava Qüvvələri həm müdafiə, həm də hücum əməliyyatlarına hazırdır və Tehran tərəfindən hücum ediləcəyi təqdirdə qırıcılar havaya qalxmağa hazır vəziyyətdədir.
Kats vurğulayıb ki, İsrail ABŞ ilə İran arasındakı münaqişə ilə bağlı durumu hər gün izləyir və Tehranın yəhudi bayramları dövründə İsrailə hücum edə biləcəyini ehtimal edir. Nazirin sözlərinə görə, İran hazırkı qarşıdurma zamanı regionda bəzi məntəqələri hədəfə alsa da, indiyədək İsrailə hücum etməyib.
İsrael Kats əlavə edib ki, hazırkı şəraitdə ABŞ Hörmüz boğazı və enerji təhlükəsizliyi ilə bağlı öz maraqlarına görə İrana zərbələr endirir: “İsrail bu məsələdə ABŞ ilə koordinasiyalı şəkildə hərəkət edir, amma özü hədəfə alınacağı təqdirdə, digər ölkələrdən asılı olmadan cavab verəcək”.
Nazirin sözlərinə görə, İsrail 40 günlük müharibə zamanı İranın nüvə proqramını məhv edib və hazırda Tehranın bu proqramı yenidən bərpa edə bilməməsi üçün vəziyyəti nəzarətdə saxlayır: “İran yenidən nüvə silahı əldə etməyə doğru addım atsa, İsrail ABŞ ilə birlikdə hücum edəcək”.