BAKI, 24 avqust. TELEQRAF

“İraq digər ölkələrə zərər vurulması üçün platforma rolunu oynamayacaq”.

Teleqraf xəbər verir ki, bunu İraq Baş naziri Əli əl-Zeydi deyib.

Hökumət başçısı bildirib ki, Bağdad xalqın bütün hörmət və təhlükəsizlik şərtləri ilə təmin olunduğu, ölkənin sərvətlərinin və gələcək nəsillərin qorunduğu tam suveren İraqın qurulması istiqamətində fəaliyyətini davam etdirir.

“İraqlılar 30 sentyabrda İraqın bütün ərazisi üzərində suverenliyinin tam bərqərar olduğunu elan edəcəklər”, - əl-Zeydi vurğulayıb.

Baş nazir əlavə edib ki, region davamlı gərginlik şəraitində yaşayır və bu vəziyyət dövlətlər arasında parçalanmalara səbəb olub.

Zeydinin sözlərinə görə, İraq hökumətinin proqramı ölkənin qurulması və islahatlar, korrupsiyaya qarşı mübarizə, məhsuldar əmək mühitinin gücləndirilməsi və Konstitusiya çərçivəsində fəaliyyət göstərən təhlükəsizlik institutlarının yaradılması istiqamətlərini əhatə edir.

İraq lideri həmçinin ictimai sülhün qorunması və qanunun tətbiqinə sadiqliyini bir daha təsdiqləyib.

Xatırladaq ki, Əli əl-Zeydi İranın proksi qüvvələri də daxil olmaqla, ölkə ərazisindəki bütün silahlı qruplaşmalardan sentyabrın 30-dək silahlarını dövlətə vermələrini tələb edib. Baş nazir qoyulan müddət çərçivəsində müvafiq tələb yerinə yetirilməyəcəyi təqdirdə dövlətin sərt üsullara əl atacağını və qarşıdurmaya hazır olduğunu açıqlayıb.