BAKI, 19 avqust. TELEQRAF

İraq Baş naziri Əli əl-Zeydi ölkədəki silahlı qruplaşmaların tərksilah edilməsi üçün müəyyən edilmiş son tarix yaxınlaşdıqca, İranın proksi qüvvələrindən təhdid mesajları alır.

Teleqraf xəbər verir ki, bu barədə İraq hökumətinin mənbələri MBN-ə bildiriblər.

Məlumata görə, ölüm təhdidlərindən sonra hökumət başçısının təhlükəsizliyi gücləndirilib. İraqın daxili və xarici kəşfiyyat qurumları da Əli əl-Zeydiyə qarşı sui-qəsd planı barədə məlumatlandırıblar.

Xatırladaq ki, İraq hökuməti silahların dövlətin nəzarətində cəmləşdirilməsi istiqamətində konkret addımlar atır və 30 sentyabrı bu proses üzrə son tarix kimi müəyyən edib. İran Bağdaddan İraqdakı proksi qüvvələrinin tərksilah edilməməsini istəyib.