BAKI, 18 avqust. TELEQRAF
“Tehranın Qətərin iranlı pilotları saxladığı barədə iddiaları həqiqətə uyğun deyil”.
Teleqraf xəbər verir ki, bunu Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari deyib.
“Bu açıqlamaların heç bir əsası yoxdur, məntiqsiz iddialardır”, - o, İran tərəfinin iddiasını şərh edərkən bildirib.
Əl-Ənsari vurğulayıb ki, İran təyyarələri paytaxt Dohaya zərbə endirmək məqsədilə Qətərin hava məkanına daxil olub və pilotlar xəbərdarlıqlara cavab vermədikdən sonra vurulublar: “Martın 19-da pilotlardan birinin qalıqları tapılıb və İran nümayəndə heyətinə təhvil verilib. Axtarış əməliyyatı aprelin 6-da başa çatıb”.
XİN nümayəndəsi əlavə edib ki, Doha İranın texniki qrupunu axtarış-xilasetmə əməliyyatının detalları ilə tanış olmaq üçün dəvət etsə də, Tehran hələ də qüvvədə olan bu dəvətə cavab verməyib.
Avqustun 15-də İran Silahlı Qüvvələri Baş Qərargahının itkin düşən şəxslərin axtarışı üzrə komitəsinin rəhbəri Məhəmməd Baqerzadə iddia edib ki, mart ayında üç iranlı pilot qırıcı təyyarələrin qəzaya uğramasından sonra Qətər hərbçiləri tərəfindən girov götürülüb.