BAKI, 10 avqust. TELEQRAF

“Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın parlamentə göndərilməsinin son müharibə və onun nəticələri ilə heç bir əlaqəsi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi deyib.

“Xəzər dənizinin hüquqi rejimi haqqında sənədin müddəaları imzalandığı vaxtdan etibarən müxtəlif qurumlarda araşdırılıb və biz öz maraqlarımızı nəzərə alırıq”, - diplomat bildirib.

Bəqayi qeyd edib ki, müxtəlif qurumlarda bir neçə il ərzində hərtərəfli araşdırıldıqdan sonra sənəd müzakirə və qərar qəbul edilməsi üçün parlamentə göndərilib:

“Sənədin qüvvəyə minməsi bütün beş Xəzəryanı dövlət (Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran) tərəfindən ratifikasiya edilməsini və ona qoşulmasını tələb edir. Buna görə də digər dörd ölkənin sənədin icrası prosesinin sürətləndirilməsində maraqlı olması təbiidir”.

XİN-in sözçüsü əlavə edib ki, Xəzər dənizinin hüquqi rejimi haqqında sənəddə başlanğıc xətti və İranın bu dənizdəki payı ilə bağlı heç bir məsələ müzakirə edilməyib.

Xatırladaq ki, “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya 2018-ci il avqustun 12-də Aktau şəhərində Xəzəryanı ölkələrin V sammitində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentləri tərəfindən imzalanıb. Müqavilə tərəflərə resursları bölüşdürmək üçün yol xəritəsi müəyyənləşdirmək və digər qüvvələrin orada hərbi birlik yaradılmasına mane olmaq imkanı verir.

Xəzər konvensiyasını İran istisna olmaqla, qalan sahilyanı ölkələr rəsmən ratifikasiya edib.